Finss.az xəbər verir ki, İtaliyanın UniCredit bankı Almaniyanın Commerzbank-dakı effektiv payını 26%-ə çatdırıb. Bu barədə məlumatı UniCredit yayıb.
Şirkət bildirib ki, artım Commerzbank-ın maliyyə alətlərinin səhmlərə çevrilməsi nəticəsində mümkün olub. UniCredit gələcəkdə qalan alətləri də konvertasiya etməyi planlaşdırır ki, bu da onun payını təxminən 29%-ə çatdıracaq.
Bankın açıqlamasında deyilir:
“Hələlik UniCredit öz nümayəndələrini direktorlar şurasına daxil etməyi planlaşdırmır, lakin Commerzbank-ın biznesini gücləndirmək və səhmdarlar, müştərilər və əhali üçün dəyər yaratmaq istiqamətində irəliləyişlərini yaxından izləməyə davam edəcək.”
Qeyd edək ki, UniCredit uzunmüddətli perspektivdə Commerzbank-ı tamamilə almağa ümid edir. 2024-cü ilin sentyabrında İtaliya bankı Commerzbank-ın səhmlərinin təxminən 9,5%-ni konsolidasiya etdiyini açıqlamış və sonrakı aylarda bankın səhmləri ilə bağlı törəmə alətlər əldə etmişdi.
Bu ilin iyul ayında isə törəmələrin səhmlərə çevrilməsindən sonra UniCredit-in payı 20%-ə yüksəlib və o, Commerzbank-ın ən böyük səhmdarı olub. Hazırda Commerzbank Almaniyada ikinci ən böyük bank hesab olunur.